
Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Fondun türk xalqlarının zəngin mədəni irsinin tədqiqi, qorunması və dünyada tanıdılması istiqamətində həyata keçirdiyi çoxşaxəli layihələr, eləcə də bu sahədə aparıcı rolunu qeyd edərək, Fondun missiyasını və strateji hədəflərini dolğun şəkildə təqdim edib.
Fondun yaranmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdığını vurğulayan xanım A.Raimkulova, Dövlət Başçısının “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır” fikrinin Təşkilatın fəaliyyətinin əsas leytmotivinə və devizinə çevrildiyini xüsusi qeyd edib.

Leyla Əliyeva, Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının zəngin tarixi və mədəni irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində atdığı addımları yüksək dəyərləndirib, həyata keçirilən layihə və tədbirlərdə gənclərin fəal iştirakının genişləndirilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Ziyarət çərçivəsində müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqram da nümayiş etdirilib və maraqla izlənilib.

Görüş zamanı tərəflər arasında gələcəkdə mümkün əməkdaşlıq imkanlarına dair ilkin fikir mübadiləsi aparılıb və birgə layihələrin reallaşdırılmasının arzuolunan perspektiv kimi qiymətləndirildiyi bildirilib.
Əməkdaşlığın daha da dərinləşdirilməsi və Türk dünyası mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində yeni perspektivlər müəyyənləşdirilərək, bu sahədə strateji addımların atılması hədəf kimi müəyyən olunub.
